Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)
İman edənlərlə digər insanlar arasındakı fərq nədir? Bu suala səmimi olaraq iman etməyənlərdən fərqli cavablar gələ bilər. Onlar, möminlərlə aralarında mədəni və əxlaqi bəzi ayrılıqlar olduğunu söyləyə bilərlər. Saleh möminlərin "dünya görüşü"nün fərqli olduğunu, onların bəzi "dəyər"lərə inandıqlarını, özlərinin isə bu "dəyər"ləri qəbul etmədiklərini irəli sürə bilərlər. Müsəlmanların özlərindən fərqli fikirlər daşıdıqlarını göstərə bilərlər.
Amma əslində bu söylədikləri, yalnız təməl bir fərqliliyin nəticələri olaraq ortaya çıxmışdır və yalnız gözlə görünən bəzi fərqlərdir. Onlar, saleh möminlərin həqiqətdə özlərindən hansı istiqamətdə fərqli olduqlarını əsasən anlaya bilməzlər. (Onsuz da bu fərqi anlamamış olduqları üçün mömin deyildirlər.) Müsəlman, Allahın, dininə bağlananlara verdiyi bir addır. Quranda təsvir edilən müsəlmanları digər insanlardan ayıran əsas fərq, bu insanların Allahın sonsuz qüdrətinin tam mənasıyla fərqində olmalarıdır. Allahın sonsuz qüdrətinin fərqində olmaq isə, sadəcə, Yaradanımız Uca Allahın var olduğunu təsdiq etmək demək deyil. Allah Quranda bu həqiqəti belə bildirir:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi , 31-32)
Ayədə sual soruşulan adam, Allahın varlığına inandığını söyləyən və Onun sifətlərini qəbul edən, amma bütün bunlara baxmayaraq , "Allahdan qorxub- çəkinmə" xüsusiyyətindən məhrum olan və Allahdan üz çevirmiş biridir. Quranda xəbər verildiyi kimi, şeytan da Allahın varlığına inandığını, Rəbbimizdən qorxduğunu söyləyir, buna baxmayaraq ağılsız üsyankar bir rəftar göstərir və çox çirkin bir əxlaq sərgiləyir.
Allahın böyüklüyünü qavramaq bu açıq həqiqəti yalnız sözlə dilə gətirməkdən ibarət deyil. Müsəlmanlar Allahın varlığının və böyüklüyünün fərqinə varan, Onu çox sevən, Ondan "qorxub - çəkinən" və həyatlarını fərqinə vardıqları bu böyük həqiqətə görə nizamlayan insanlardır. Digərləri isə, ya Allahı inkar edənlər və ya Allahın varlığını yuxarıdakı ayədə təsvir edilən insanınkına bənzər bir tərzdə qəbul etməsinə baxmayaraq Allahdan "qorxub – çəkinməyənlər"dir.
Bu xüsusiyyətdəki insanların həyatları, özlərini yaratmış olan Allahın fərqində olmadan sürdükləri həyatlardır. Bu insanlar, böyük bir ağılsızlıqla, həyatlarının kim tərəfindən, necə və niyə başladıldığını gözardı edərlər. Öz ağıllarına görə, zehinlərində, Allaha və Onun dininə yer olmayan yeni bir həyat qurmağa çalışırlar. Quranda isə, belə bir həyatın boş və çürük bir təmələ əsaslandığını, məhvə məhkum olduğunu Rəbbimiz bu hikmətli bənzətmə ilə izah edir:
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Allahın ayədə də xəbər verdiyi kimi, Quranda təsvir edilən şəkildə bir imana sahib olmayanların həyatları, "yıxılacaq uçurum"ların kənarlarında quruludur. Onların həyatdakı tək məqsədləri "bu dünya"da xoşbəxtliyi və rahatlığı əldə etməkdir. Bu insanların bəzisi, özünə "zəngin olmaq" kimi bir hədəf təyin edər. Bu hədəfinə çatmaq üçün əlindən gələni edəcək, bütün fiziki və zehni gücünü zəngin olmaq üçün istifadə edəcək. Bəzisi də, həyatdakı məqsədini "etibar sahibi və məşhur bir insan olmaq" olaraq hədəf seçər. Bunu əldə etmək üçün də əlindən gələn hər şeyi edər. Hər cür çətinliyə dözər, müxtəlif fədakarlıqlar edər. Amma bunların hamısı, ölümlə birlikdə yox olan, yalnız dünya həyatına dair hədəflərdirlər. Hətta bir çoxu hələ həyatdaykən də itirilə bilər. Bundan başqa, bəhsi keçən kəslər bu hədəflərinə çatsalar, həyatları boyunca bu hədəflərinə sahib olsalar, hətta planladıqlarından daha çoxunu əldə etsələr belə heç bir zaman əldə etdikləri onları mənəvi olaraq təmin etməyəcək, axtardıqları dinclik, xoşbəxtlik, sevgi və rahatlığı əldə edə bilməyəcəklər. Çünki həqiqi xoşbəxtlik, dərin sevgi və ürək rahatlığı ancaq səmimi imanla qazanılan bir nemətdir.
Halbuki mömin, Allahın varlığının və gücünün fərqindədir. Allahın onu nə üçün yaratdığını və ondan nələr istədiyini bilir. Bu səbəblə də, dünyadakı əsl məqsədi Allahın razı olduğu bir qul olmaq üçün çalışmaqdır. Özünü məqsədinə çatdıracaq hər yolu sınayar, bunun üçün ciddi bir səy göstərər. Bunun sayəsində - digər insanlar üçün məhvdən başqa bir şey olmayan - ölümün də həqiqi mənasını bilir: Ölüm əsla bir yoxluq, yox olmaq deyil, əsl həyata keçid mərhələsidir.
Mömin olmayanların bir qismi, böyük bir ağılsızlıq nümunəsi olaraq həyatlarının təsadüfən və "öz-özünə" meydana gəldiyini sandıqları kimi, həyatlarını bitirən ölümün də “öz-özünə" olan bir "qəza" olduğunu düşünürlər. Halbuki həyatı yaradan da, ölümü yaradan da Allahdır. Əsla bir təsadüf, ya da qəza olmayan ölüm, Allahın xüsusi olaraq yaratdığı, vaxtı və yeri təyin olunmuş bir hadisədir.
Məhz mömin də, Allahın hər şeyə hakim olduğunu bilən və ölümün bir son deyil, əsl həyata (axirət) keçid mərhələsi olduğunu qavrayan insandır. Bu həqiqətlərin fərqindəykən də, əlbəttə digərləri kimi həyatını "yıxılacaq bir uçurumun kənarına" qurmaz. Özünü və bütün kainatı Yaradanın Uca Rəbbimiz olduğunu, həyatın, ölümün və ölüm- sonrası həqiqi həyatın əsl sahibinin Allah olduğunu bildiyi üçün, Allaha yönələr. Pulun, vəzifə və mövqenin, fiziki gözəlliyin Allahın yaratdığı və hər an yaratmağa davam etdiyi bu nizam içində əsl qurtuluş yolu olmadığını görər. Bunlar ancaq, Allahın qoyduğu qaydalar sayəsində qısa bir müddət məqbul olan "səbəb"lərdir. Allahın yaratmış olduğu nizamın təməli isə Allahın razılığıdır. Çünki Allah yalnız razılığına uyanları doğru yola müvəffəq edəcəkdir:
Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)
Mömin, Allahın razılığını axtardığı üçün mömindir. Məhz mömini, digərlərindən ayıran ən əhəmiyyətli fərq buradadır. Möminlər, dinin Allahın razılığını qazanmaq üçün izləniləcək haqq yol olduğunu bilərkən, bir çoxlarının cahil düşüncələrinə görə din, bəzi inancları ehtiva edən qaydaların cəmidir və həyatlarında əhəmiyyətli bir yeri yoxdur. Heç şübhəsiz, bu insanlar, bu səhvlərinin acısını dünyada hər istiqamətiylə yaşayırlar, axirətdə qarşılaşacaqları acı son isə çox daha böyükdür.
Onsuz da həqiqi möminlərlə, mömin təqlidi edən ikiüzlülər (münafiqlər) arasındakı fərq də burada ortaya çıxar. Möminlər, dini Allahın rizası üçün şövqlə, istəklə və coşğuyla yaşayarkən, münafiqlər öz ağıllarına görə bəzi mənfəətlər əldə etmək üçün yalnız təqlidi rəftarlar göstərərlər. Səmimi olaraq dinə inanmadıqları və din əxlaqını yaşamadıqları halda, inanırmış və yaşayırmış kimi rəftar edərlər. Möminlər 5 vaxtda namazlarını "huşu" (Allaha qarşı hörmət dolu bir qorxu) içində qılarkən (Muminun surəsi, 1-2), münafiqlərin namazı insanlara "göstəriş" olsun deyə (Maun surəsi, 6) qılmaları da bundandır. Eyni şəkildə münafiqlər, Allah yolunda edilən xərcləri (infaq) də əslində Allah rizası üçün deyil, yenə insanlara nümayiş olsun deyə edərlər:
Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)