Mömin, şirkdən, Allahdan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan və onların əmri altına girməkdən təmizlənmişdir. O, yalnız Allaha ibadət edər. Allahın razılığını axtarar. Bunu, daha əvvəl də bildirdiyimiz kimi, "Allah yolunda ciddi bir səy" göstərərək edəcəkdir.
Allah yolunda "ciddi bir səy" göstərməyin yolu, Allah rizasının ən çoxunu axtarmaqdadır. Mömin, qarşısında olan bir neçə seçim birdən gördüyündə, ona Allahın razılığını ən çox qazandıracağını ümid etdiyini seçməlidir.
Allah rizasının ən çoxunu axtarmağı qısaca belə təyin edə bilərik:
- Mömin həyatının hamısı "halal dairəsi" içində keçməlidir. Haramlar açıq şəkildə bildirilmişdir və olduqca az saydadır. Bu müəyyən haramların xaricində, hər hansı bir hərəkət və rəftarlar bəhsi keçən mövzuda halal dairəsi içindədir.
- Bununla yanaşı möminə düşən, Allahın halal etdiyi meyarlar içində öz ağıl və "bəsirət" ini istifadə edərək, Allahın razılığının ən çoxunu axtarmağa yönəlməkdir.
Bununla əlaqədar olaraq "infaq" (Allah yolunda xərcləmək) mövzusu yaxşı bir nümunə ola bilər. Mömin, "malını və canını" Allaha satmışdır. Əlindəki imkanları Onun razılığına uyğun bir şəkildə qiymətləndirməlidir. Amma bunu edərkən qarşısına dəyişik seçimlər çıxa bilər. Məsələn, əlində külli miqdarda pul olduğunu düşünək. Bununla özünə yeni bir geyim ala bilər. Bu halal və çox qanuni bir hərəkətdir; üstünə-başına baxması, təmiz və gözəl bir görünüşdə olması Allahın razılığına uyğundur. Amma bu pulu istifadə edə və Allahın razılığını daha da çox qazanmağa vəsilə ola biləcək başqa bir yer ola bilər. Məsələn, bu pulu özündən daha çox ehtiyacı olan bir kasıba verməklə, Allahın razılığı daha çox ola bilər. Bu, yaşadığı mühitə və şərtlərə görə insanın öz vicdanıyla, vacib olanı müəyyən edə biləcəyi bir vəziyyətdir.
Bir başqa nümunə də verə bilərik: Mömin "yaxşılığı əmr edib, pis əməldən məhrum etməklə", Allahın dinini izah etməklə, yer üzündəki qəddarlığa qarşı fikri bir mübarizə içinə girməklə məsuldur. Allahın razılığını, bu böyük məsuliyyəti qəbul etməklə qazana bilər. Bu məsuliyyət hər zaman üçün bəzi vacib xidmətlər ortaya çıxarar. Bu cür böyük bir məsuliyyət tələb edən bir çox iş varkən, Allahın halal saydığı bir başqa işi daha vacib saymaq səhv olacaq. Məsələn, kişi ailəsinə baxmaqla məsuldur. Onların təhlükəsizliyini, dolanışığını təmin etmə vəzifəsi ona verilmişdir. Amma bunu bəhanə edərək digər insanlara yaxşılığı əmr edib, pis əməldən məhrum etmə məsuliyyətini üzərinə almaması əlbəttə ki, möminə yaraşan bir rəftar olmayacaq.
Əslində bir az düşündüyümüzdə dəyəri az olan şeyi seçim etməkdə "nəfs"in təsirli olduğunu görərik. Allah Qatında dəyəri az olan şeyi çox olana seçim etmək, insanın nəfsinə də bir "pay" ayırmasından qaynaqlanar. Halbuki, bir mövzuda edilməsi lazım olan, nəfsinə ən kiçik pay ayırmadan, yüz faiz Allahın razılığına diqqət etməkdir. Bir işdə 99% Allahın razılığı, bir faiz də nəfsinin istəkləri varsa, o 99% də Allah qatında qəbul edilməyə bilər. Çünki bu, insanın, nəfsini Allaha şirk qoşması deməkdir. Şirkin isə 1%-i belə geri qalan əməli etibarsız etmək üçün kifayət edər. Bir işdə, Allahla yanaşı başqa bir varlığa, bir kimsəyə pay ayıranlar vəziyyətini, Rəbbimiz belə bir örnəklə xəbər vermişdir:
Onlar Allah üçün Onun yaratdığı əkindən və mal-qaradan pay ayırıb öz batil iddialarına əsasən: “Bu, Allah üçündür, bu da şərik qoşduqlarımız bütlər üçündür” – deyirlər. Şərikləri üçün ayırdıqları pay Allaha çatmır, Allah üçün ayırdıqları pay isə şəriklərinə çatır. Onların verdikləri hökm necə də pisdir! (Ənam surəsi, 136)
Öz evi, ailəsi təhlükədəykən canı bahasına bunları müdafiə edən bir insan, mövzu digər möminlərə zülm, təzyiq və böhtan olduğunda yerində oturub saymazyana başqa işlərlə məşğul olursa, burada Allah rizasının olduğundan söz etmək çox çətindir. Belə bir rəftar, insanın, nəfsinin nəzərdə tutduğu şəkildə davrandığını, nəfsinə tabe olduğunu göstərir ki, bu İslamın təməli olan "yalnız Allaha qulluq etmək" məqsədinə tamamilə ziddir. Həmçinin, Allah Quranda nəfsin arzularına görə hərəkət etməyi, Özünə şirk qoşmaq olaraq müəyyən etmişdir:
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən? (Furqan surəsi, 43)
Mömin isə, bütün varlığını, malını, canını, həyatını və ölümünü, qısacası hər şeyini Allaha həsr etmişdir. Allah, iman edən insanların bu üstün xüsusiyyətini Quranda belə xəbər verir:
De ki: "Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allahındır." (Ənam surəsi, 162)
Quranda Allahın rizasının ən çoxu axtarılması ilə əlaqədar olaraq izah edilən hadisələrdən biri, möminlərin Peyğəmbərimiz (s.ə.v.) dövründəki bir döyüşdə göstərdikləri münasibətdir. O dövrdə möminlərdən bəziləri qarşı-qarşıya olduqları iki ayrı düşmən birliyindən daha gücsüz olanla döyüşmək istəmişlər. Halbuki, Allahın razılığı, ən çətinə talib olub, düşmənin güclüsüylə döyüşməyi tələb edirdi. Allah keçmişdə yaşanmış bu hadisələri ayələrdə belə xəbər verir:
O vaxt Allah sizə, iki dəstədən birinin (karvanın və yaxud kafirlərin qoşununun) sizin olduğunu vəd edirdi. Siz silahsız dəstənin sizin olmasını arzulayırdınız. Allah isə Öz kəlmələri ilə haqqı reallaşdırmaq və kafirlərin kökünü kəsmək istəyirdi. O bununla günahkarların xoşuna gəlməsə də, haqqı reallaşdırmaq və batili puç etmək istəyirdi. (Ənfal surəsi, 7-8)
Nəticədə Allah, möminləri güclü olan birliklə qarşılaşdırdı. Möminləri, Öz rizasının ən çoxuna yönəltmiş oldu. Və Allahın köməyiylə möminlər qalib gəldilər.
Yuxarıda bəhs etdiyimiz nümunə keçmişdə, Peyğəmbərimiz (s.ə.v) dövründə yaşamış möminlərin, o dövrün şərtləri içində qarşılaşdıqları bir hadisədir. Amma hər dövrdə müsəlmanlar fərqli hadisələrlə sınana bilərlər. Məsələn, indiki vaxtda müsəlmanların, Quranı və yaradılışı inkar edənlərə, cəmiyyət içində əxlaqsızlıqların yayılması üçün çalışanlara qarşı fikri bir mübarizə aparmaları lazımdır. Möminlər hər zaman üçün məsuliyyətini daşıdıqları bu fikri mübarizə üçün nəyin "ən xeyirli" olduğunu təsbit edib, onu tətbiq etməlidirlər. Çünki belə bir əmanəti daşıyacaq gücə sahib olub, sırf nəfsi üçün vacib olmayan işlərlə məşğul olmaq Allahın razılığından üz çevirmək mənasını verər ki, hər möminin belə bir mövqeyə düşməkdən şiddətlə çəkinməsi şərtdir.
Möminin vicdanı onsuz da belə bir şeyi qəbul etməz. O, Allahın seçib iman verdiyi bir adamdır, yer üzündə sülh və dinclik mühitinin olması, Allahın dininin yaşanması ona əmanət edilmişdir. Zalımların əzib, zülm etdiyi və "... Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir vəli (qoruyucu sahib) göndər, bizə Öz tərəfindən bir kömək edən göndər ..." (Nisa surəsi, 75) deyən kişilər, qadınlar və uşaqlardan zəif buraxılmışlar üçün səy göstərməklə məsuldur.
Allahın razılığının ən çoxu yalnız fikri mübarizə mövzusunda etibarlı deyil. Mömin, həyatı boyunca etdiyi bütün ibadətlərdə, gündəlik həyatında qarşısına çıxan kiçik-böyük bütün hadisələrdə bu dünyagörüşünü göz qarşısında saxlamaq məcburiyyətindədir.
Bu arada bunu xatırlatmaq lazımdır: Əslində "Allah rizasının ən çoxu" ifadəsini, mövzunu açıqlamaq üçün istifadə edirik. Allah rizasının ən çoxundan üz çevirib, ikinci dərəcəli bir işlə maraqlanmaq, əslində Allahın razılığına ziddir. Bu səbəbdən, onsuz da Allahın razılığının ancaq ən çoxu, Allahın razı olduğudur. Allahın daha az razı olması kimi bir şey yoxdur.
Allahın razılığının ən çoxunu axtarmayıb, azıyla qane olmaqsa, əslində insanın axirətə istiqamətli səhv bir dünyagörüşü daşımasından qaynaqlanar. Özünü qəti olaraq "cənnətə layiq" saymasından doğar. Halbuki, heç bir insan özünü qeyd-şərtsiz "cənnətə layiq" olaraq görəcək vəziyyətdə deyil. Quranda Allah Peyğəmbərimiz (s.ə.v.)-ə "... əgər Allah istəsə, sənin də qəlbinə möhür vurar ..." (Şura surəsi, 24) xəbərdarlığını etmişdi. Vəziyyət belə ikən kimsənin özünü təmizə çıxaracaq bir halı olmadığı ortadadır.
Onsuz da Allahın Quranda təsvir etdiyi səmimi bir mömin, özünü əsla cənnətə qəti olaraq layiq olduğunu görməz, belə səhv bir düşüncəyə qapılmaz. Möminin xüsusiyyətlərindən biri, Allaha "qorxu və ümid" (Əraf surəsi, 56) bəsləyərək dua etməkdir.
Həqiqi iman sahibi olmayan kəslər isə, Allahdan gərəyi kimi qorxmadıqları və yaxşı işlər etdiklərini sandıqları üçün, özlərinin qəti olaraq cənnətə gedəcəklərini düşünürlər. Allahın bağışlayıcılığını, "necə olsa bağışlanacağıq" kimi səhv bir məntiq çıxarmaq üçün istifadə edərlər. Bu, Allahdan gərəyi kimi qorxub çəkinməyən kəslərin mövqeyidir. Allah bu kəslərin vəziyyətini bir ayəsində belə bildirmişdir:
Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!” – deyirdilər. Onlara buna bənzər mənfəətlər yenə də gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar Kitabda olanları oxuyub öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız? (Əraf surəsi, 169)
Bundan əlavə də, dünyada özlərinə geniş imkanlar verilməsinə aldanaraq, Allaha könüldən iman edib saleh əməllərdə olmadıqları halda, Allahın özlərini sevdiyi nəticəsini çıxaranlar və buradan hərəkətlə - varlığını qəti şəkildə qəbul etməsələr də - cənnətdə qarşılanacaqlarını zənn edənlər var. Bu kəslərlə əlaqədar Allahın Quranda verdiyi nümunələrdən biri belədir:
Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!” – dedi.( O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 32-36)
Mömin isə, yuxarıdakı zehniyyətdəki insanların əksinə "iman etdikdən sonra doğru yoldan çıxmaq"dan qorxar. Quranda möminlərin bununla əlaqədar duasını Rəbbimiz belə bildirmişdir:
"Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlbimizi azdırma və Qatından bizə bir rəhmət bağışla. Şübhəsiz, ən çox bağışlayıcı olan Sənsən." (Al-i İmran surəsi, 8)
Ancaq bunu da qeyd etmək lazımdır ki, bu qorxu mömin üçün narahatlıq və ya rahatsızlıq meydana gətirəcək bir qorxu deyil. Əksinə, Allah qorxusu mömini hərəkətə keçirən, cənnətə layiq bir qul olma mövzusunda böyük bir şövq qazandıran, dünya həyatını ən gözəl şəkildə qiymətləndirməsini təmin edən bir duyğudur.
Mömin müvəqqəti və qısa bir yurd olan dünyada Allahın razılığını qazanmaq hədəfindədir. Tək düşüncəsi qarşı-qarşıya olduğu böyük hadisədir: Qəti olaraq bir gün öləcək və Allahın hüzurunda hesab verəcək. Bu hesab onu əbədi məhvə ya da qurtuluşa aparacaq. Bu cür böyük bir hadisə ilə qarşı-qarşıyaykən başqa işlər arxasınca qaçmaq, ya da laqeyd davranmaq əlbəttə, məntiqə uyğun deyil.
Mömin, qurtuluşu üçün "Allahın rizasının ən çoxu"nu axtarmaqla məsuldur. Allahın razılığının ən çoxunu axtarmamaq, qarşı-qarşıya olunan təhlükənin də fərqində olmamaq deməkdir. Cəhənnəm və Allah Qatında alçaldılma təhlükəsindən xilas olmaq üçün əlbəttə, insanın əlindən gələnin ən çoxunu etmək üçün səy göstərməsi lazımdır.
Dünyada qarşılaşıla biləcək təhlükələrə göstərəcəyimiz rəftar və səylə əlaqədar bir neçə nümunə, Allah rizasının ən çoxunu axtarmanın necə olacağının daha yaxşı başa düşülməsinə kömək edəcək:
- Metrlərlə yüksəklikdəki nəhəng bir su basqınına səbəb olan sellə qarşı-qarşıya qaldığımızda və suların böyük bir sürətlə yüksəldiyini gördüyümüzdə, xilas olmaq üçün, qaçdığımız on mərtəbəli binanın ən üst qatına mı çıxarıq, yoxsa beşinci mərtəbədə dayanıb "hər halda bu qədəri kafi olar"mı deyirik?
- Mənzilin ən üst qatına pullu bir liftlə çıxıldığını və liftin bir daha səfər etməyəcəyini fərz edək. Cibimizdə də tam ən üst qata çıxacaq qədər pul var. Bu vəziyyətdə ən üst qata çıxmaq üçün cibimizdəki bütün pulu verməyə bilərikmi? Yoxsa selin çatma təhlükəsi olan bir başqa ara qata çıxmaqlamı kifayətlənərik?
- Seldən xilas olmaq üçün gizləndiyimiz mənzilin altıncı qatında bir əyləncə təşkil olduğunu düşünək. Belə bir vəziyyətdə əyləncəyə qatılıb, altıncı qatın yüksəkliyiyləmi kifayətlənərik, yoxsa gözümüz heç bir şeyi görmədən ən üst qata mı çıxarıq?
- Bir başqa nümunə olaraq; bir yaxınımızın infarkt keçirdiyini və ya başqa bir səbəblə xəstəxanaya yetişdirilməsi lazım olduğunu düşünək. Bu vəziyyətdə xəstəxanaya çatmaq üçün avtomobili məqbul ola biləcək ən yüksək sürətlə mi sürərik, yoxsa "bu qədəri kafi, bir az daha azalt"mı deyirik?
Verdiyimiz nümunələrdən aydın olacağı kimi insan bir təhlükə ilə qarşı- qarşıya qaldığında dərhal hərəkətə keçir, əlindəki bütün imkanları təhlükədən xilas olmaq üçün səfərbər edə bilir. Cəhənnəm isə insan üçün ən böyük təhlükədir. Əlbəttə ki, Allah rizasının ən çoxunu axtaran insanın ən əhəmiyyətli məqsədlərindən biri bu təhlükədən uzaq qalma istəyidir. İndi məhşər günü hər kəsin mütləq ətrafında toplanacağı bildirilən cəhənnəmin kənarında olduğunuzu, cəhənnəmi bütün dəhşəti ilə gördüyünüzü düşünün ... Belə bir vəziyyətdə bəzi seçimlərlə qarşılaşsanız, heç tərəddüd etmədən Allahın razılığının ən çoxunu seçməzsinizmi? Cəhənnəmin yanına gəldikdən sonra belə bir seçki imkanı qalmayacağına, yalnız edilənlərin hesabı veriləcəyinə görə, indidən eyni məntiqlə hərəkət etmək lazımdır. Necə ki, mömin hər an axirət həyatına keçəcəkmiş kimi, cəhənnəmin yaxınlığını düşünərək hərəkət edər. Çünki Allah, axirətdəki peşmanlığın fayda gətirməyəcəyini Quranda bir çox ayəsiylə ifadə etmişdir. Bu mövzudakı ayələrdən biri belədir:
Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın əzabı! Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)
Digər tərəfdən insan, təhlükədən uzaqlaşmaq üçün bu qədər çalışdığı kimi, neməti əldə etmək üçün də səy göstərməlidir. Cənnətin azına razı olmaq da ağıllı bir davranış deyil. Qızıl dolu bir adadan gəmiylə ayrılarkən, imkanınız olsa götürə biləcəyinizin hamısını götürməzsinizmi? Mömin də, axirətə getdiyində "kaş ki, bunu da etsəydim", "bu savabı da qazansaydım" deyəcək vəziyyətdə olmamalıdır. Bunun üçün dünyadaykən bütün imkanlarını istifadə edərək, Allah rizasının ən çoxunu seçməlidir.
İnkar edənlər, "az bir faydalanma" dan (Al-i İmran surəsi, 197) başqa bir şey olmayan dünyanı əldə etmək üçün əllərindən gələnin "ən çoxunu" edərlər. Sonu hüsranla bitəcək olan bu "az bir faydalanma" ilə yanaşı, möminlər üçün Allahın razılığı, rəhməti və cənnəti vardır. Bunlara talib olan möminin etməsi lazım olan da əlindən gələnin "ən çoxunu" etməkdir.