Əvvəlki səhifələrdə, möminlərlə digər insanlar arasındakı ən əhəmiyyətli fərqin, möminlərin Allahın sonsuz qüdrətinin fərqində olmaları olduğunu ifadə etmişdik. Həmçinin Allahın varlığına qəlbdən iman edən bir möminin bütün həyatını necə təşkil etdiyini və tənzimləməsi lazım olduğunu araşdırmışdıq.
Allahın gücünü təqdir edə bilən və bu səbəbdən həyatını Allah rizası üzərində quran bir insanın sahib olduğu ən əhəmiyyətli xüsusiyyətlərdən biri də, həyatının hər saniyəsində yalnız Allahın razılığını və rəhmətini düşünərək hərəkət etməsidir. O, həyatını Allahın razılığını qazanmaq, Ona "qul" olmaq hədəfi üzərində qurduğuna görə, Allahın yaratdığını və nəzarət etdiyini qavradığı bütün kainata artıq dəyişik bir gözlə baxacaq. Yalnız Allahı İlah olaraq tanıdığı üçün, saxta tanrılar artıq mömin üçün bir şey ifadə etməyəcək. Allah Quranda bu mövzunu, hz. İbrahim (ə.s)-ın söylədiyini bildirdiyi bu sözlərlə vurğulamışdır:
Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?”(Məryəm surəsi, 41-42)
Mömin, yalnız Allahın məmnuniyyətini axtardığı, yalnız Ona yalvardığı, yalnız Ondan istədiyi üçün yalnız Allaha yönələr. Allah xaricində heç kimi məmnun etmə ehtiyacı hiss etməz, Allahdan başqasından mədət ummaz. İnsanın həqiqi azadlığı, onsuz da ancaq, bu həqiqəti qavrayaraq Allaha yönəlməsiylə olar.
Həqiqi imana sahib olmayanların həyatları isə, möminin tam tərsinə, saysız saxta ilahın boyunduruğu altındadır. Belə insanlar, həyatlarını saysız insanı məmnun etməyə həsr edərlər. İnsanlardan kömək istəyib mədət umarlar. Halbuki öz cahil məntiqlərinə görə zehinlərində tanrılaşdırdıqları bu varlıqlar da eynilə özləri kimi aciz bir "qul"dur. Əlbəttə ki, bu varlıqlar onların istəklərinə cavab verə bilməzlər, onları xilas edə bilməzlər. Ölüm, bu saxta ilahların insana həqiqətdə heç bir faydası olmadığını ortaya qoyan ən qəti həqiqətdir. Amma, bu xəyali ilahların xəyali olduqlarını anlamaq üçün ölümü gözləmək, çox gec qalmaq mənasını verər. Allah Quranda, bu insanların içində olduğu çıxılmaz vəziyyəti belə təsvir edir:
Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi, 74-75)
Məhz mömin olmayanların həyatları bu tərs təməl üzərinə qurulmuşdur. Bu təməldən ötəri möminlərlə digər insanlar arasındakı bir başqa əhəmiyyətli fərq də ortaya çıxar: Möminlər özlərinə rəhbər olaraq, Allahın onlara verdiyi meyarları qəbul edər, haqq kitab olan Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə tabe olarlar. Onların dini, Allahın Quranda təsvir etdiyi və Peyğəmbərimiz (s.ə.v)-in nümunəvi həyatıyla tanıtdığı İslamdır.
Həyatlarını Allahın fərqində olmadan davam etdirən insanlar isə, əlbəttə özlərinə rəhbər olaraq, Allahın deyil, zehinlərindəki saxta ilahların meyarlarını qəbul edəcəklər. Haqq din olan İslama deyil, batil anlayışlara və inanclara sahib olan saxta bir dinə tabe olacaqlar. Onların dini, çox ilahlı azğın bir dindir. Bu insanlar, özlərinə meyar olaraq, içində olduqları cəmiyyətin batil dəyərlərini qəbul etdikləri üçün, bir-birindən fərqli qayda və məqsədlərə sahib olarlar. Bu səbəblə, yaşadıqları çox ilahlı dinin müxtəlif növləri vardır. Ancaq bunu da ifadə etməkdə fayda vardır: Bir insanın içində yaşadığı cəmiyyətin nizamına uyğun gəlməsi, qanunlara və qaydalara tabe olması son dərəcə əhəmiyyətli və lazımlıdır. Burada nəzərdə tutulan doğrunu, gözəli, sevgini və hörməti təlqin edən və yaşadan ictimai qaydalar deyil, mənfəəti, eqoizmi, sevgisizliyi və mərhəmətsizliyi təlqin edən batil dəyərlərdir.
Kiminin həyatdakı məqsədi, pul və güc əldə etmək, kimininki hörmət edilən və sözü qəbul edilən bir insan olmaqdır. Kimisi həyatının məqsədini "yaxşı bir yoldaş" tapıb, "xoşbəxt bir yuva qurmaq" olaraq isdiqamətləndirər. Bunların hamısı bir möminin də həyatında olan ünsürlərdir. Amma saleh bir mömin heç birinə lazım olandan çox dəyər verməz. Daha da əhəmiyyətlisi bu mövzular haqqında Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in öyüdləri xaricində bir anlayışa, mühakiməyə sahib olmaz. Din əxlaqını yaşamayan insanların isə, özlərinə məqsəd qoyduqları hər bir hədəf üçün din əxlaqına uyğun olmayan üsulları və yolları vardır. "Həyat tərzi" olaraq adlandırdıqları bu batil anlayışların hər biri əslində batil bir dindir və Allahın varlığını və sərhədlərini qavraya bilməmək təməli üzərinə qurulmuşdur.
Halbuki insanların yaradılışı, Allaha qul olma və Allaha güvənmə üzərinə quruludur. İnsan, sonsuz istək və ehtiyaclarını öz-özünə qarşılamaq imkanına sahib olmadığı üçün, yaradılışdan Allaha bağlanmağa möhtacdır. Bu səbəbdən insan fitrəti, Allahı "Rəbb" (təlimatçı, yol göstərici, qayda qoyucu) olaraq qəbul etməyə uyğundur:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir. (Rum surəsi, 30)
Nəfsin pis arzularına qapılmayıb, Allaha iman edən xalis bir mömin, bütün həyatı boyunca "nə etməsi lazım olduğunu" Onun kitabından və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsindən öyrənər, peyğəmbərləri özünə nümunə götürər. Möminin həyatı, inkar edənlərdən tamamilə fərqlidir. Hətta mömin, inkarçıların heç bilmədikləri bəzi həqiqətləri yenə Qurandan öyrənər. Məsələn, Allah Quranda Özündən qorxub pis əməllərdən çəkinənlərə hər cür vəziyyətdə mütləq bir çıxış yolu göstərəcəyini müjdələmişdir:
... Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)
Allahın qüdrətinin fərqinə varan və Onu haqqıyla tanıyan mömin həyatını Allaha təslim edəcək. Çünki bilir ki, "kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər". Bir ayədə hz. Yaqub (ə.s)-ın oğullarına bu mövzuda verdiyi bir öyüd-nəsihəti belə xəbər verilir:
... Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. "(Yusif surəsi, 67)
Bu həqiqəti qavrayan mömin, həyatdakı vəzifəsinin Allahın hökmlərini tətbiq etməkdən başqa bir şey olmadığını görəcək. Onun vəzifəsi də, "peşəsi" də budur. Ancaq Allah yolunda cəhd etməklə məsuldur. Hər şeyi Allahdan istəyər, çünki özünə hər şeyi verən Allahdır. Möminlərin bu gözəl əxlaqlarını Allah Quranda belə xəbər vermişdir:
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyat surəsi, 56-58)
Bu səbəbdən, Quranda təsvir edilən əxlaqa sahib bir mömin üçün "gələcək qorxusu" deyə bir şey ola bilməz. Bu qorxu ancaq, həyatı , bir-birindən müstəqil milyonlarla saxta ilahın arasındakı bir çəkişmə olaraq görənlərə xasdır. Hadisələrin Allahın idarəsində və təqdir etdiyi qədər içində baş verdiyini bilməyən bu insan, "öz həyatını qurtarma" mübarizəsi etməsi lazım olduğunu zənn edir. "İmkanı"nı "daşdan çıxarması" lazım olduğu düşüncəsindədir. Belə düşündüyü üçün də, belə qarşılıq görər. Bədiüzzaman Səid Nursi, Allahı tanımayanların, insanın əsl vəzifəsinin qulluq olduğunu anlaya bilmədiklərini izah etdikdən sonra belə deyir:
"... “Həyat bir cidal (qarşıdurmadır)” deyə əbləhanə (ağılsız) hökm etmişlər."
Məhz bu, "həyat bir qarşıdurmadır" məntiqindən doğan ruh halı, Quran əxlaqını yaşamayanlar sahib olduğu dinin əsas xüsusiyyətlərindən biridir. Bəhsi keçən yanlış məntiq səbəbiylə bu insanlar, davamlı çətinlik və narahatlıqla dolu bir ruh halı içində yaşayarlar. Belə ki;
- Bu kəslərin əksəriyyəti, möminlərin tam əksinə, eqoist, mənfəətçi, kiçik mənfəətlər arxasında qaçan, tək dərdi "mənfəətini gözləmək" olan insanlardır.
- Fədakarlıqdan, fədakarlığın gətirdiyi incəlikdən xəbərləri yoxdur. Sevgiləri mənfəətə əsaslanır: Bir insanı, o insanda olan gözəl xüsusiyyətlərdən ötəri deyil, yalnız "mənfəət üçün" sevərlər.
- Təbii ki, özlərini sevdiklərini söyləyən başqa insanların da eyni şəkildə sevdiyini bilirlər. Bu səbəblə, heç bir zaman sədaqət və vəfa mühitində yaşaya bilməzlər. Həmişə "ya məndən daha zənginini, daha gözəlini, daha yaraşıqlısını taparaq məni tərk edərsə" narahatlığı içindədirlər.
- Qısqancdırlar. Bu səbəblə, gözəllikdən və yaxşılıqdan zövq almağı bilməzlər. Məsələn, bir insanın gözəlliyinə baxıb, ondan zövq alacaq və "Allah nə gözəl yaratmış" deməyin rahatlığını yaşayacaq yerdə, "niyə bu gözəllik məndə yox, onda var" düşüncəsi ilə özlərini yeyərlər.
- Allahın nemətinə şükür etməyi və özlərinə verilənlərlə qane olmağı bilməzlər. Bu səbəblə, həmişə "daha çox"unu istəyərlər. Bu istək heç bir zaman təmin edilə bilməz və davamlı bir narahatlıq qaynağı olar.
- Aciz və zəif olduqlarını qəbul edib Allahdan kömək istəməzlər. Allaha təkəbbür göstərərək, Ondan kömək istəməyərək acizlik və zəifliklərinin yox olacağını zənn edərlər. Halbuki, belə etməklə acizlikləri və zəiflikləri yox olacaq deyil. Bu dəfə insanlardan mədət umarlar. Amma qarşılarındakı da özləri kimi yalnız maraqlarını düşünən aciz biridir və həqiqi mənada şəfqət və mərhəmət göstərməkdən məhrumdur. Bu səbəbdən, umduqlarına çata bilmədikləri üçün tez-tez "depressiya" keçirər, xarakter sarsıntısı yaşayarlar.
- Bağışlayıcı və anlayışlı olmaqdan məhrumdurlar. Bu səbəblə aralarındakı ən kiçik bir anlaşılmazlıq, qarşıdurma və döyüşə çevrilə bilər. Hər iki tərəf də çox vaxt qarşı tərəfə keçməyi öz qüruruna yedirə bilməz. Bu səbəblə tez-tez böyük münaqişələr edərlər.
- Allahın qoruması və idarəsi altındakı bir dünyada deyil, tək qaydanın "qalib gəlmək" olduğu vəhşi bir meşədə yaşadıqlarını düşünürlər. Öz azğın düşüncələrinə görə, bu "meşə"də yaşaya bilmək üçün sərt, təcavüzkar və eqoist olmaları lazımdır. Belə düşündükləri üçün də belə "qarşılıq" görərlər: Ya cahil cəmiyyət sözüylə, "kiçik balıq" olub udulurlar, ya da "böyük və zalım balıq" olub digərlərini udarlar.
Həqiqi imanı yaşamayan, təsvir edilən yanlış əxlaq anlayışına görə hərəkət edən insanların olduğu hər cəmiyyətin qaydaları yuxarıda sayılan kimidir. Rəbbimiz Quranda, bu cəmiyyətləri Özünün və axirətin fərqində olmadıqları üçün- "cahil" cəmiyyətləri olaraq tanıtmışdır. Rəbbimizin Quranda bildirdiyi kimi heç bir vəchlə ağıllanıb, Allaha təslim olmayan İsrail oğulları içindən bəzi kəslər də, hz. Musa (ə.s) tərəfindən cahil olaraq adlandırılmışlar. Mövzuyla əlaqədar ayələr belədir:
Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız. Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir”. Musa dedi: “O, sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa məbudmu axtaracağam?” (Əraf surəsi, 138-140)
Amma bir az əvvəl də ifadə etdiyimiz kimi, "cahil cəmiyyət" tək bir bütün deyil. Belə bir cəmiyyətin içində, hamısı eyni "cahillik" xüsusiyyətiylərinə malik deyil, bir-birindən fərqli seqmentlər də ola bilər. Bu seqmentlər ümumiyyətlə, "cahil cəmiyyətin"nin dəyər verdiyi etibarsız meyarlardır ki, ən əvvəl iqtisadi güc gəlir, əldə edən və etməyən deyə ikiyə ayrılırlar.